“Çelsi”nin argentinalı yarımmüdafiəçi Entso Fernandes bundan sonra İngiltərənin digər klubu “Mançester Siti”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti” bu transfer üçün “Çelsi”yə 145 milyon avro ödəyib. Bununla da İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb. Belə ki, bu, vaxtilə “Liverpul”un Aleksader İsak üçün “Nyukasl”a verdiyi məbləğlə bərabərdir.
Fernandes Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 5 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Entso Fernandes “River Pleyt”in yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro məbləğ müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Fernandes “zadəganlar”ın heyətində 170 oyuna çıxıb, 31 qol vurub, 30 məhsuldar ötürmə verib.
Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 49 oyuna 8 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2024-cü ildə Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


