Erik ten Haq: “Ronaldo məni və komandanı məyus etdi”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Kristiano Ronaldonun İngiltərə klubundakı çıxışından və aralarındakı münasibətlərdən danışıb.

Arena.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə “The Athletic” nəşrinə müsahibəsində danışıb.

Ten Haqın sözlərinə görə, portuqaliyalı hücumçu klubda oynamaq üçün lazımi səviyyədə hazır deyildi və bu, həm məşqçini, həm də komandanı çətin vəziyyətə salmışdı:

“Ronaldo məni və komandanı məyus etdi, çünki biz onunla bağlı planlar qururduq. Şübhəsiz ki, o, futbol tarixinin ən yaxşı oyunçularından biridir. Mən ona böyük hörmət bəsləyirdim, amma həmin məqamda rasional qərar verməli idim.

Ronaldo lazımi qaydada məşq etmirdi. O, nə topla, nə də topsuz qaçırdı, özünü lazımi səviyyədə hazırlamamışdı. O, digər futbolçulara məşqlərdə ayaqlarını qorumağı deyirdi. Ən yaxşı formada olanda bunu başa düşürəm, amma ilk növbədə lazımi fiziki hazırlıq səviyyəsinə çatmaq üçün məşq etməlisən”, – deyə Erik ten Haq bildirib.

Qeyd edək ki, Erik ten Haq 2022–2024-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Ronaldo isə 2021-ci ildə İngiltərə klubuna qayıdıb və 2022-ci ilin dekabrında komandanı tərk edib. Bundan əvvəl portuqaliyalı futbolçu jurnalist Pirs Morqana müsahibəsində ten Haqın onu klubdan göndərmək istədiyini bildirərək özünü xəyanətə uğramış hiss etdiyini söyləmişdi.

41 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasını, bir dəfə Avropa çempionatını və iki dəfə UEFA Millətlər Liqasını qazanıb.

Portuqaliyalı hücumçunun karyerasında 981 qol var. O, bunlardan 146-sını milli komandanın, 835-ni isə klub səviyyəsində vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: