UEFA FİFA-dan İnfantinonun fəaliyyəti ilə bağlı izahat tələb etdi

UEFA FİFA prezidenti Canni İnfantinonun fəaliyyəti və qərarların qəbulu prosesi ilə bağlı yaranan suallara noyabrın 2-dək cavab tələb edib.

Arena.az xəbər verir ki, bu barədə BBC telekanalı UEFA-nın məktubuna istinadən məlumat yayıb.

Məsələ FİFA-nın kişi və qadınlar arasında keçirilən əsas yarışlarının idarəçiliyini vahid şirkətə həvalə etmək təşəbbüsü ilə bağlıdır. İyul ayında məlum olub ki, İnfantino bu məqsədlə FIFA Forward Enterprise (FFE) adlı şirkət yaratmağı planlaşdırıb. FİFA-nın fikrincə, bu təşəbbüs üzv assosiasiyaların gəlirlərini artıra və futbolun dünya üzrə inkişafına töhfə verə bilərdi. Təşkilat layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.

Lakin təşəbbüs futbol rəsmiləri, federasiyalar və digər təşkilatlar tərəfindən ciddi tənqid olunub. Bir sıra federasiyalar FİFA-nın idarəetmə sistemində dəyişikliklərə çağırıblar.

UEFA-nın məktubunda bildirilib ki, bir sıra suallar hələ də cavabsız qalıb, tələb olunan məlumat və sənədlər təqdim edilməyib.

“FFE layihəsindən imtina edilməsi, səhvlərin etiraf olunması və mümkün idarəetmə islahatlarının elan edilməsi müvafiq qərarların necə qəbul edildiyi və FİFA Şurasının niyə prosesə vaxtında cəlb olunmadığı suallarına cavab vermir.

Bu suallar dərhal cavablandırılmalıdır və onları FİFA Şurasının növbəti iclasına qədər təxirə salmaq olmaz. Gələcək idarəetmə islahatları artıq qəbul edilmiş qərarların yoxlanılmasını və onlara görə məsuliyyət məsələsini əvəz edə bilməz”, – deyə məktubda vurğulanıb.

Məlumata görə, oktyabrın 16-da keçirilən FİFA Şurasının iclasında İnfantino dünya çempionatının təşkili hüquqlarının satılması ilə bağlı planına görə üzr istəyib. Bununla belə, o, təklifin necə hazırlandığı barədə ətraflı izahat verə bilməyib.

Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında FİFA-nın növbədənkənar konqresində prezident seçilib. O, sonradan iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. FİFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Namizədlər iştirak üçün müraciətlərini noyabrın 18-dək təqdim edə bilərlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: