Arda Gülərin yeniyetməlik məşqçisi Erol Tokgözlər gənc yetirməsindən danışıb, onun potensialının Lionel Messidən daha çox olduğunu deyib.
Arena.az AS dərgisinə istinadən Tokgözlərin bu barədə fikirlərini təqdim edir:
“Arda həmişə kumiri Aleks de Souza kimi, 10 ədədi ilə əlaqəli olub. O, xüsusidir, həftənin 7 günü, günün 24 saatı futbola yönəlib. Onunla hələ 13 yaşında, məktəbdə oxuyanda tanış oldum. O, “Gənclərbirliyi”nə gələndə bədən tərbiyəsi müəllimi, həm də məşqçisi olmuşam. Onunla görüşməmişdən əvvəl həmkarlarımdan biri mənə xəbərdarlıq etdi ki, Arda müstəsna biridir. O, Leo Messidən daha çox potensiala malikdir.
İlk tanış olduğumuz zaman boyu 1,55 metrdən çox deyildi, amma təsirli texnikası vardı. O, topu ayağı ilə tutmaqda əla idi və çox ağıllı idi. Ayaqları altında topla istədiyini edə bilirdi. Onun istedadı qeyri-adi bir şey idi. Mən bu yaşda belə istedad görməmişdim. Arda İspaniyada oynamağa başlayanda hər kəs onun texniki cəhətdən birinci dərəcəli futbolçu olduğunu başa düşəcək.
Top onun üçün başqa bir üzv, üçüncü ayaq kimi idi. O, ağlına gələn hər şeyi edə bilərdi. Ən yaxşısı isə o idi ki, hər vəziyyətdə onun iki, üç, dörd və ya beş seçimi, beş fərqli planı var idi. Onun meydanda yerinin əhəmiyyəti yox idi. O, ağlının gücü ilə futbol oynayır. Müdafiəçilər onunla qarşılaşanda düşünürlər: Onu necə dayandıra bilərəm?
İnanılmaz, sadəcə inanılmaz idi. Onun xüsusi oyunçu olduğu aydın idi. Onun futbolu düşündüyü hər şeyi etməyə əsaslanır. Bunun necə olacağını təxmin etmək mümkün deyil. Driblinq, zərbələr… Onun böyük arsenalı vardı və indi də var”, deyə Erol Tokgözlər yetirməsi haqda ağızdolusu danışıb.
“Gənclərbirliyi”nin yetirməsi olan Gülər “Fənərbaxça”da parlayıb. O, bu komandada 51 oyuna 9 qol vurub, 12 məhsuldar ötürmə edib. İstedadlı futbolçu bu ilin iyulunda “Real”a keçib. İspaniya nəhəngi Gülərin transferi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəyib. Onun “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Gülər yay toplanışında sol bud əzələsindən ciddi zədə aldığı üçün hələ “Real”da debüt etməyib.


