Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Everton” və “Kristal Pelas” klubları futbolçu mübadiləsi həyata keçiriblər.
Arena.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı Brennan Conson London təmsilçisindən ayrılaraq “Everton”un oyunçusu olub. 26 yaşlı Duayt Maknil isə əks istiqamətdə “Kristal Pelas”a keçib. Hər iki futbolçunun transfer qiyməti 25,8 milyon avro göstərilib. Yəni, klublar bu oyunçuları baş-başa dəyişdirmiş olublar. Həm 25 yaşlı Conson, həm də 26 yaşlı Maknil yeni klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Brennan Conson yanvarda Premyer Liqanın digər təmsilçisi “Tottenhem”dən “Kristal Pelas”a transfer olunmuşdu. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 48 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. “Nottingem Forest”in yetirməsi olan hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Linkoln Siti” və “Tottenhem”in də formasını geyinib. Vaxtilə İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış Brennan 2020-ci ildən Uels yığmasında çıxış edir. 25 yaşlı vinger millinin heyətində 45 oyuna 7 qol vurub, 5 məhsuldar ötürmə verib.
Dauyt Maknil isə peşəkar karyerasına “Börnli”də başlayıb. O, 2022-ci ildən “Everton”da çıxış edirdi. 26 yaşlı vinger bu komandanın heyətində 128 qol vurub, 15 qol və 19 assist müəllifi olub.
İngiltərənin U-20 və U-21 yığmalarında oynamış Maknilə əsas millidə debüt qismət olmayıb.


