Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Uotford” klubundan Tyaqo Çukurla Coşua Kinqi transfer edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. “Uotford”la müqaviləsinin müddəti bitdiyi üçün yeni klubuna azad agent kimi keçən Coşua Kinqlə 2 illik müqavilə imzalanıb. Tyaqo Çukur isə yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Onun transferinin Tütkiyə klubuna neçəyə başa gəldiyi açıqlanmır.
Coşua Kinq “Mançester Yunayted”in yetirməsi olsa da, bu komandada oynamayıb. O, həmin dövrdə “Preston”, “Borussiya” (Mönhenqladbax), “Hall Siti” və “Blekbern Rovers” klublarına icarəyə verilib. 2013-cü ildə “Blekbern Rovers” onu birdəfəlik transfer edib. Daha sonra “Bornmut” və “Everton”da da çıxış edən norveçli forvard, ötən mövsümün əvvəlində “Uotford”la müqavilə bağlamışdı. O, bu komandanın heyətində 33 oyuna çıxıb, 5 qol vurub. 30 yaşlı futbolçu Norveç milli komandasında keçirdiyi 62 oyunda 20 qola imza atıb.

Tyaqo Çukur isə Niderland futbolunun yetirməsidir. Türkiyə əsilli hücumçu “Feyenoord” və “Alkmaar”ın futbol akademiyasında təhsil aldıqdan sonra 2021-ci ilin yanvarında “Uotford”a transfer olunub. O, geridə qalan mövsümü icarə əsasında “Donkaster Rovers”də keçirib. 19 yaşlı hücumçu bu il Türkiyə millisinin heyətində ilk matçına da çıxıb.

“Fənərbaxça” Braziliyanın “Flamenqo” klubunun hücumçusu Villian Araonun da transferini bitirmək üzrədir. İstanbul klubu artıq futbolçunun klubu ilə razılıq əldə olunduğunu və futbolçunun Türkiyəyə dəvət edildiyini açıqlayıb. Braziliyadan olan 30 yaşlı futbolçunun da tibbi müayinələrdən keçən kimi rəsmi müqaviləyə imza atması gözlənilir. “Korintians”ın yetirməsi olan Villian, “Portuqeza”, “Şapekoense”, “Atletiko Qoiyaniense” və “Botafoqo”da da icarədə oynayıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu, 2016-cı ildən “Flamenqo”dadır. O, bu komandanın heyətində 330 oyuna 29 qol vurub. Arao Braziliya millisində də 1 oyuna çıxıb.

