Bu gün “Neftçi”dən ayrılan dayaq yarımmüdafiəçisi Fərid Yusifli bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.
Xatırladaq ki, Fərid Yusifli “Neftçi”nin yetirməsidir. O, “ağ-qaralar”ın əsas komandasının heyətində son 4 mövsümdə ümumilikdə 38 oyun keçirib.
Fərid bu ilin ilk yarısını, 2023/2024 mövsümünün ikinci dövrəsini icarə əsasında məhz “Turan Tovuz”da keçirmişdi. Gənc futbolçu əyalət klubunun heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Turan Tovuz” bu yay Tural Bayramlı, İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”), Veysəl Rzayev (“Sabah”), Araş Qadiri (“Zobahan”, İran), Rüfət Əhmədov (“Qəbələ”) və İbrahim Ramazanovu (“Qəbələ”) da heyətinə qatmışdı. İsmayıl Zülfüqarlı isə “Neftçi”dən icarəyə götürülüb. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov, Xəyal Nəcəfov və Roderik Millerlə də yeni müqavilə imzalanıb.
Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi, Kamal Bayramov, Brunao, Slavik Alxasov və Paçu Lira isə “Turan Tovuz”u tərk ediblər.


