Fərrux Mahmudov yenidən ABF-də – Rəsmi

Bir müddət öncə “Neftçi”də baş icraçı direktor vəzifəsindən ayrılan Fərrux Mahmudov Azərbaycan Basketbol Federasiyasına (ABF) qayıdıb.

Arena.az bu barədə ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb. Fərrux Mahmudov bundan sonra sözügedən qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Mahmudov mayın 31-də “Neftçi” Futbol Klubunun baş icraçı direktor vəzifəsindən ayrılmışdı. O, 2023-cü ilin iyul ayında “Neftçi”nin prezidenti (baş icraçı direktoru) təyin edilmişdi. Mahmudov 2022-ci ildən “Neftçi”dəki təyinatına qədər məhz Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru kimi fəaliyyət göstərib.

1982-ci ildə anadan olan Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: