Feliks Uduoxay “Beşiktaş”da

Əslən Nigeriyadan olan almaniyalı mərkəz müdafiəçisi Feliks Uduoxay bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

Super Liqa nəhəngi 26 yaşlı futbolçunu Almaniyanın “Auqsburq” klubundan bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Qara qartallar” bir mövsümlük icarə üçün Almaniya klubuna 500 min avro ödəyəcəklər. Mövsümün sonunda futbolçunun transfer hüquqlarını da almaq üçün əlavə 5 milyon avro ödəmək lazım gələcək.

Almaniyada dünyaya göz açmış Feliks Uduoxay, futbola “Ersgebirge” (Aue) klubunda başlayıb. “Münhen 1860”, “Volfsburq” kimi klublarda da oynamış müdafiəçi, 2019-cu ildə “Auqsburq”a keçib. Auqsburqlular onun transferi üçün 7 milyon avro ödəyiblər. Uduoxay bu komandanın heyətində meydana çıxdığı 124 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Uduoxay Almaniyanın U-19, U-20 və U-21 yığmalarında, həmçinin Olimpiya millisində forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Auqsburq” hücumameyilli yarımmüdafiəçisi Lukas Petkovu da “Elversberq”ə satıb. Klub bu satışdan 500 min avro qazanıb. 23 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

2008-ci ildən “Auqsburq”un sistemində olan Petkov, bu klubun əsas komandasında cəmi 9 oyun keçirib və fərqlənə bilməyib. Bu üzdən də o, “Verl”, “Qroyter” kimi klublarda icarədə olub. 2023-cü ildən Bolqarıstan yığmasında çıxış edən yarımmüdafiəçi, millinin də heyətində fərqlənə bilməyib.

Feliks Uduoxayı heyətinə qatmış “Beşiktaş”da da ayrılıq yaşanıb. İstanbul klubu konqolu hücumçusu Cekson Mulekanı “Əl-Xolod”da icarəyə verib. Səudiyyə Ərəbistanı klubu 24 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Ərəblər Mulekanın 1 illik icarəsi üçün “Beşiktaş”a 1 milyon avro ödəyəcəklər. Mulekanın transfer dəyəri isə 4 milyon avro qiymətləndirilir.

“Beşiktaş” Mulekanı 2022-ci ilin iyul ayında Belçikanın “Standard” (Lyej) klubundan 3,35 milyon avroya transfer etmişdi. O, İstanbul klubunun heyətində 80 oyuna çıxıb, 15 qol və 3 assistlə yadda qalıb. “Standard”, “Mazembe”, “Kasımpaşa” kimi klublarda da oynamış Muleka, Konqo Demokratik Respublikası yığmasında 15 oyuna 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: