“Aston Martin” komandasının ispan pilotu Fernando Alonso Formula 1 pilotları Maks Ferstappen və Luis Hamilton haqqında danışıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Alonso holland pilot Ferstappeni və britaniyalı pilot Hamiltonu heç nə qurmadan hazırına sahib olmaqda – sadəcə qalib komanda tapıb ona qoşulmaqda ittiham edib:
“Hamilton “Mersedes”ə keçəndə çempion olmaq üçün heç nə qurub yaratmamışdı. Sadəcə reqlamentdəki dəyişiklik şəbəkədəki hər şeyi dəyişdi. Nəticədə “Mersedes” zirvəyə qalxdı. Mən Maksa münasibətdə də eyni hissləri keçirirəm: o, “Toro Rosso” və “Red Bull”a keçəndə Hamilton yenə də hər şeyi qazandı. “Red Bull” ona görə qalib komanda deyil, sadəcə olaraq 2021-ci ildə reqlamentdəki növbəti dəyişiklik onların indi bütün yarışlarda qalib gəlməsinə səbəb olub.
Biz deyəndə ki, öz ətrafımızda komandalar qura bilərik, mən bunu anlamıram. Bu idman, texniki həllərin, reqlamentin və ya mühəndislər bürosunun ilhamının sizin töhfəniz, şərhləriniz, şəxsiyyətiniz və ya pilotluğunuzdan daha çox əhəmiyyətli olduğu bir idman növüdür”, deyə Fernando Alonso Formula 1-i səciyyələndirib.


