FIFA Luis Rubialesi 3 il müddətinə futboldan kənarlaşdırdı

FIFA İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesi 3 il müddətinə futboldan kənarlaşdırıb.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Rubialesə futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib:

“FIFA İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin FIFA İntizam Məcəlləsini pozduğunu aşkar edərək, onu 3 il müddətinə milli və beynəlxalq səviyyədə bütün futbol fəaliyyətlərindən kənarlaşdırıb.

FIFA bütün insanların toxunulmazlığına hörmət və mühafizəsi və layiqli davranışın özül qaydalarına hörmətin təmin edilməsi üzrə mütləq öhdəliyini bir daha təsdiqləyir”, – təşkilatın rəsmi saytında deyilir.

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist mərəkəyə səbəb olmuş davranışa yol vermişdi. Federasiya prezidenti futbolçu Cenni Ermosonun başından tutub dodaqlarından ehtirasla öpmüşdü. Sosial şəbəkələrdə bu məqamı şərh edən Ermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulamışdı. Hadisə futbol ictimaiyyətində tənqidlərlə müşayiət edilən qızğın müzakirələrə səbəb olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: