Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Luis Rubialesin davranışına dair bir daha sərt mövqeyini nümayiş etdirib.
Arena.az “Daily Mail”ə istinadən məlumat verir ki, FIFA İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rubialesə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
Mənbənin məlumatına görə, FIFA Rubialesi 15 il müddətində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Vurğulanır ki, bu, RFEF-in rəhbərinin ispan futbolçu Cennifer Ermosoya davranışı müqabilində cəza olaraq icazə verilən mütləq müddətdir.
Xatırladaq ki, FIFA intizam araşdırmasına başladıqdan sonra Rubialesi 90 gün müddətinə futbolla bağlı fəaliyyətindən kənarlaşdırıb. Eyni zamanda, Rubialesin qadağası Cennifer Ermosonu öpdüyü üçün deyil, ədəbsiz jestlə bağlıdır. Rubiales İspaniya Kraliçası Letisiya və onun infant qızı Sofiyanın qarşısında paçası arasında tənasül orqanından yapışaraq, nalayiq hərəkət nümayiş etdirmişdi. Daha sonra Rubiales bu hərəkəti üçün üzr istəyib. Amma Cennifer Ermosonun razılığı olmadan onunla öpüşməkdə təqsirini etiraf etməkdən imtina edib.
Bu arada BBC-nin məlumatına görə, İspaniya prokurorluğu Rubialesə qarşı cinsi təcavüz iddiaları ilə iş açıb. “Prokurorlar cinsi zorakılıq cinayəti kimi qiymətləndirilə bilən dəlilləri araşdırmaq üçün ilkin araşdırmaya başlayıblar”. Vurğulanır ki, Rubialesin öpdüyü Cennifer Ermosoya zərərçəkmiş qismində məhkəməyə müraciət etmək imkanı verilib.


