FIFA İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin cəzadan şikayət ərizəsini rədd edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, söhbət Luis Rubialesin futbolçu Cennifer Ermosonu dodağından öpdüyünə görə cəzalandırılması ilə bağlı FIFA-nın intizam komissiyasının qəbul etdiyi qərardan gedir.
Beləliklə, Rubialesin 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılması haqda FIFA-nın intizam komissiyasının qəbul etdiyi qərar öz qüvvəsində qalır.
Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.


