Filipe Luis peşəkar futbolçu karyerasına xitam verdi

“Flamenqo”nun 38 yaşlı braziliyalı sol cinah müdafiəçisi Filipe Luis peşəkar futbolçu karyerasına xitam verib.

Arena.az “Flamenqo”nun mətbuat xidmətinə istinadən məlumat verir ki, təcrübəli oyunçu futbolla Braziliya A Seriyasının başa çatması ilə vidalaşıb:

“Qalmış hiss – minnətdarlıq hissidir. Direktorlar şurasına, hər bir azarkeşə, sosial şəbəkələrdə mənə yazanlara, adımı hayqıranlara, tənqid edənlərə – bu səyahətin bir hissəsi olmuş bütün insanlara təşəkkür edirəm. Bu illər mənim həyatımın ən yaxşı illəri idi”, deyə Felipe vida qərarı haqda fikirlərini duyğusalcasına ifadə edib.

Tam adı Filipe Luis Kasmirsiki olan futbolçunun əsli Polşadandır, əcdadları 1891-ci ildə Braziliyaya mühacirət ediblər. Filipe peşəkar böyük futbola futzaldan gəlib. Braziliyalı müdafiəçi 2003/2004 mövsümündə “Fiqeyrense”də böyük futbola qədəm qoyub. Növbəti ildə isə Luisin Avropa macərası başlayıb, braziliyalı futbolçu “Ayaks”a keçib. Burada o, “Real” skautlarının diqqətini cəlb edib və 2005/2006 mövsümündə “kral klubu” Luisi icarə əsasında “Real Madrid Kastilya”ya götürüb. 2006-cı ildə isə “Deportivo” Luisə tamhüquqlu əsasda sahib olub. Tədricən oyunu püxtələşmiş cinah müdafiəçisi “Atletiko”nun maraq dairəsinə düşüb və “döşəkçilər”ə qoşularaq, 2010-2014-cü illərdə burada çıxış edib. Oyunu ilə “Çelsi”nin diqqətini çəkmiş Filipe 2014/2015 mövsümünü Londonda keçirsə də, daha sonra Madridə qayıtmağa qərar verib və yenidən “Atletiko”ya qoşulub. 2019-cu ildə isə Filipe vətəni Braziliyaya qayıdıb və karyerasını “Flamneqo”da davam etdirib.

Ötən gün yekunlaşan mövsümdə (2022/2023) Filipe “Flamenqo”nun heyətində 21 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Kasmirsiki 2009-cu ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 44 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib. O, milli ilə 2013 FIFA Konfederasiyalar Kubokunun, 2019 Amerika Kubokunun qalibi olub.

Filipe Luisin zəng qənimətlər muzeyi

Filipe Luisin qənimətlər muzeyi klub səviyyəsində qazandığı kuboklarla kifayət qədər zəngindir:

“Fiqeyrense” ilə Santa-Katarina ştatının çempionluğu (2003, 2004);
“Atletiko” ilə İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012, 2017/2018), UEFA Super Kuboku (2012, 2018) və UEFA Çempionlar Liqasının finalçısı (2013/2014, 2015/2016);
“Çelsi” ilə İngiltərə Premyer Liqası (2014/2015), İngiltərə Liqa Kuboku (2014/2015);
“Flamenqo” ilə Brazilyia A Seriya (2019, 2020), Braziliya Kuboku (2022), Braziliya Super Kuboku (2020, 2021), Libertadores Kuboku (2019, 2022), Cənubiamerikan Rekopası (2020), Karioka çempionatı (2020, 2021) və FIFA Klub Dünya Kubokunun finalçısı (2019).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: