Fredi Quarin həbs olundu – VİDEO

Futbol üzrə Kolumbiya yığmasının və İtaliyanın “İnter” klubunun sabiq yarımmüdafiəçisi Fredi Quarin həbs olunub.

Arena.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.

Xəbərdə 34 yaşlı futbolçunun ailədaxili şiddət ittihamı ilə saxlanıldığı qeyd olunur. Hadisə ilə bağlı internetdə bəzi görüntülər də yayılıb. Həmin videodan görünür ki, futbolçu bir evin önündə başqa şəxslərlə dalaşır. Polis isə onu həmin adamlardan ayırıb sakitləşdirməyə çalışır. Sərxoş halda olan Quarinin geyimində qan ləkələri də aşkar görünür.

Kolumbiya mətbuatının yazdığına görə, futbolçunun dalaşdığı şəxslər onun atası və digər qohumlarıdır. Münaqişənin səbəbləri bilinmir. Baş verən hadisə ilə əlaqədar Fredi Quarin həbs olunub.

Qeyd edək ki, Quarin ötən ilin dekabrından etibarən Kolumbiyanın “Milyonarios” klubunun uğurları üçün çalışır. Bu komandaya azad agent statusunda keçən futbolçu, 2019-2020-ci illər aralığında Braziliyanın “Vasko da Qama” klubunun uğurları üçün çalışıb.

Təcrübəli yarımmüdafiəçi ölkəsində “Atletiko Hulia”, “Enviqado” kimi komandalarda da forma geyinib. Lakin bu, onun karyerasının ilk illərinə təsadüf edib. 2005-ci ildə Argentinaya üz tutan futbolçu “Boka Xuniors”da oynamağa başlayıb. Amma Argentinadakı legioner həyatı uğurlu alınmayan futbolçu, bu dəfə Avropaya üz tutub.

Fransanın “Sent-Etyen” klubunun “Enviqado”dan icarəyə götürdüyü yarımmüdafiəçi, uğurlu çıxışı ilə diqqət mərkəzinə düşməyi bacarıb. 2007-ci ildə isə Fransa təmsilçisi onu birdəfəlik transfer edib. 2008-ci ildə Quarini Portuqaliyanın “Portu” klubu heəytinə qatıb. 2012-2016-cı illər aralığında Milan “İnter”inin uğurları üçün çalışmış futbolçu, 2016-2019-cu illərdə də Çinin “Şanxay Şenxua” klubunda forma geyinib. Kolumbiya yığmasında 57 oyun keçirmiş Fredi, cəmi 4 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: