Futbol qaydalarında daha bir yenilik: Qapıçılar topu…

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda qapıçıların topu oyuna daha tez daxil etməsi qaydası üzərində baxış keçirir.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası qapıçıları topu oyuna daha tez daxil etməyə məcbur etmək üçün 8 saniyəlik gerisayım qaydası əlavə etmək fikrini təbliğ edir.

Müvafiq qayda Maltada və İngiltərə Liqa 2-də (EFL League Two) sınaqdan keçirilib və burada öz səmərəsini göstərib.

Yeni qaydaya görə, top qapıçıya çatdıqdan 3 saniyə sonra hakim əlini yuxarı qaldırmalıdır. Sonra hakim son 5 saniyəni geri saymağa başlayır, bu müddət ərzində qapıçı topu əlindən azad etməlidir. Qapıçı bunu etməsə, rəqib künc zərbəsi vurmaq hüququ qazanacaq.
Maltada azarkeşlərin saniyələri saymağa qoşulmasının qapıçılara təzyiqi artırdığı vurğulanır. Futbolda müvafiq qaydanın tətbiqi 2026/2027-ci illər mövsümünə qədər baş tuta bilər.

Vurğulanır ki, bu yeni qaydanın tətbiqi, qapıçıların və hakimlərin, topun 6 saniyə ərzində oyuna daxil edilməsini tələb edən mövcud qaydaya məhəl qoymamasına qarşılıq olaraq meydana gəlib.