Gürcüstanlı futbol mütəxəssisi Georgi Minaşvili bundan sonra “Sabah” klubunun Futbol Akademiyasına rəhbərlik edəcək.
Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, gürcü mütəxəssis akademiyanın koordinatoru təyin edilib. 43 yaşlı Minaşvili ilə 1+2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.
Georgi Minaşvili UEFA-nın Pro lisenziyasına malikdir. Mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tiflis, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb.


