“Globe Soccer Awards” 2024-cü ilin ən yaxşılarını açıqladı

Ənənəvi “Globe Soccer Awards” müxtəlif təqdimatlar üzrə 2024-cü ilin ən yaxşıları adına namizədlər arasında qalibləri açıqlayıb.

Arena.az xatırladır ki, nüfuzlu futbol mükafatının müvafiq təqdimatlarına ən yaxşı kişi oyunçu, ən yaxşı qadın oyunçu, ən yaxşı kişi klubu, ən yaxşı qadın klubu, ən yaxşı məşqçi, ən yaxşı gənc oyunçu, Orta Şərqin ən yaxşı oyunçusu və Orta Şərqin ən yaxşı klubu seçimləri daxildir.

Eləcə də ən yaxşı yarımmüdafiəçi və hücumçu, həmçinin, inzibati vəzifələr – ən yaxşı idman direktoru və ən yaxşı futbol agentinə də mükafatlar nəzərdə tutulub.

2024-cü ilin ən yaxşı kişi oyunçusu

“Real”ın və Braziliya millisinin ulduzu, sol cinah hücumçusu Vinisius Junior 2024-cü ilin ən yaxşı oyunçusu seçilib.

“Vini” aşağıdakı futbolçuları üstələyib:

Nikolo Barella (“İnter”), Cud Bellingem (“Real”), Hakan Çalhanoğlu (“İnter”), Daniel Karvaxal (“Real”), Artyom Dovbik (“Roma”, daha əvvəl “Jirona”), Filip Foden (“Mançester Siti”), Antuan Qrizmann (“Atletiko”, Madrid), Alexandro Qrimaldo (“Bayer”), Viktor Dyökereş (“Sportinq”, Lissabon), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Toni Kroos (karyerasını başa vurub, daha əvvəl “Real”), Robert Levandovski (“Barselona”), Ademola Lukman (“Atalanta”), Emiliano Martines (“Aston Villa”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real”), Lionel Messi (“İnter Mayami”), Daniel Olmo (“Barselona”), Koul Palmer (“Çelsi”), Rodriqo “Rodri” Ernandes (“Mançester Siti”), Rodriqo (“Real”), Kristiano Ronaldo (“Əl-Nəsr”), Bukayo Saka (“Arsenal”), Məhəmməd Salah (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Federiko Valverde (“Real”), Vitinya (PSJ), Niko Uilyams (“Atletik”), Florian Virts (“Bayern), Qranit Caka (“Bayer”), Lamin Yamal (“Barselona”);

2024-cü ilin ən yaxşı kişi klubu

“Real” 2024-cü ilin ən yaxşı klubu adını qazanıb.

2024-cü ildə “Kral klubu” italyan mütəxəssis Karlo Ançelottinin rəhbərliyi altında 5 qənimət – İspaniya La Liqasını, İspaniya Super Kubokunu Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.

İspaniya nəhəngi aşağıdakı klubları üstələyib:

“Əl-Əhli” (Misir), “Əl-Ayn” (Birləşmiş Ərəb Əmirlikləri), “Atalanta” (İtaliya), “Atletiko Mineyro” (Braziliya), “Bayer” (Almaniya), “Botafoqo” (Braziliya), “İnter” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Pirey, Yunanıstan), PSJ (Fransa), “Sportinq” (Lissabon, Portuqaliya);

2024-cü ilin ən yaxşı kişi məşqçisi

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin ən yaxşı məşqçisi adını qazanıb.

İtalyan mütəxəssis 2024-cü ildə “Real”a 5 qənimət qazandırıb.

Ançelotti aşağıdakı mütəxəssisləri üstələyib:

Xabi Alonso (“Bayer”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Luis de la Fuente (İspaniya milli yığma komandası), Can Pyero Qasperini (“Atalanta), Xosep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”), Lionel Skaloni (Argentina milli yığma komandası);

2024-cü ilin ən yaxşı gənc oyunçusu

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal 2024-cü ilin ən yaxşı gənc oyunçusu adını qazanıb.

Yeniyetmə ulduz aşağıdakı futbolçuları üstələyib:

Pau Kubarsi (“Barselona”), Dezire Due (PSJ), Alexandro Qarnaço (“Mançester Yunayted”), Arda Gülər (“Real”), Kobbi Meynu (“Mançester Yunayted”), Juan Neveş (PSJ), Aleksandar Pavloviç (“Bayern”), Savinyo (“Mançester Siti”), Kənan Yıldız (“Yuventus”);

2024-cü ildə Orta Şərqin ən yaxşı oyunçusu

“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo 2024-cü ildə Orta Şərqin ən yaxşı oyunçusu adını qazanıb.

“Kriş” aşağıdakı futbolçuları üstələyib:

Salim Əl-Davsari (“Əl-Hilal”), Murad Batna (“Əl-Fateh”), Kaku (“Əl-Ayn”, Əbu-Dabi), Riyad Marez (“Əl-Əhli”), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”), Sufyan Rahimi“ (Əl-Ayn”, Əbu-Dabi);

2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi

“Real”ın və İngiltərə yığmasının hücumameylli yarımmüdafiəçisi Cud Bellingem 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi adını qazanıb.

Bellingem aşağıdakı futbolçuları üstələyib:

Nikolo Barella (“İnter”), Hakan Çalhanoğlu (“İnter”), Toni Kroos (karyerasını başa vurub, daha əvvəl “Real”), Daniel Olmo (“Barselona”), Koul Palmer (“Çelsi”), Rodriqo “Rodri” Ernandes (“Mançester Siti”), Federiko Valverde (“Real”), Vitinya (PSJ), Florian Virts (“Bayern), Qranit Caka (“Bayer”);

2024-cü ilin ən yaxşı hücumçusu

“Real”ın və Braziliya millisinin ulduzu, sol cinah hücumçusu Vinisius Junior 2024-cü ilin ən yaxşı hücumçusu adını qazanıb.

“Vini” aşağıdakı futbolçuları üstələyib:

Artyom Dovbik (“Roma”), Filip Foden (“Mançester Siti”), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real”), Məhəmməd Salah (“Liverpul”), Niko Uilyams (“Atletik”) və Lamin Yamal (“Barselona”).

Bütün zamanların ən sərrast qolçusu xüsusi mükafatı

“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo bütün zamanların ən sərrast qolçusu adını qazanıb.

Portuqal ulduz hücumçu karyerası ərzində rəqib qapılarından rəsmi oyunlarda 916 qol keçirib.

Bütün zamanların ən yaxşı klub prezidenti xüsusi mükafatı

“Real”ın prezidenti Florentino Peres bütün zamanların ən yaxşı futbol klubu prezidenti seçilib.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayının 15-də Peres bu göstəricidə “Real”ın əfsanəvi prezidenti Santyaqo Bernabeunu geridə qoyaraq, tarixdə “Real”ın qənimətlər qazanmaq baxımından ən zəngin prezidenti olub.

Qeyd edək ki, “Globe Soccer Awards” futbolda nailiyyətləri təqdir edən bir mükafatlardır. Müvafiq tədbir ənənəvi olaraq hər il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Globe Soccer” tərəfindən təşkil edilir və UEFA, Beynəlxalq Ərəb Əmirlikləri Peşəkar Liqası, Avropa Klublar Assosiasiyası (ECA), və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) kimi beynəlxalq futbol təşkilatlarının iştirakını əhatə edir.

Builki tədbir sayca 15-ci idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: