Gökhan Edman – Azərbaycan millilərinin yeni baş məşqçisi!

Türkiyəli mütəxəssis Gökhan Edman voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir.

Bildirilir ki, Gökhan Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011/2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin müxtəlif illərdə Türkiyənin əsas millisini, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və “Spring Cup” turnirində bir neçə titul qazanıb.

Klub karyerasında “Eczacıbaşı”, “Qalatasaray”, “Vakıfbank Güneş Sigorta” və “Sarıyer Belediyespor” komandalarında baş məşqçi kimi fəaliyyət göstərmiş mütəxəssis, 1998–1999-cu illər mövsümündə “Eczacıbaşı” ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. “Qalatasaray” klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Gökhan Edman “Eczacıbaşı”nın əsas qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.

Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib. O, TVF-də mini voleybol və qadın milli komandaları texniki qurumunun üzvü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: