Türkiyənin “Hatayspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Volkan Dəmirəl çalışdıracaq.
Bu barədə Hatay klubunun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Dəmirəl baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Serkan Özbaltanı əvəz edib. Hansı ki, onun istefasına komandanın bu mövsüm uğursuz nəticələr qazanması səbəb olmuşdu. Özbaltanın rəhbərliyi altında 6 oyuna 1 xal toplaya bilən “Hatayspor”, Super Liqanın 19 iştirakçısı arasında sonuncu pillədə qərarlaşıb.
2019-2021-ci illər aralığında “Fənərbaxça”da köməkçi məşqçi kimi çalışmış Volkan Dəmirəl, ikinci dəfədir baş məşqçi təyin olunur. O, daha öncə ötən mövsüm “Fatih Karagümrük”ü çalışdırıb. İstanbul təmsilçisi bu məşqçinin rəhbərliyi altında Super Liqada çıxdığı 22 matçda 10 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətlə üzləşib.


