Hektor Belyerin “Barselona”nı “Sportinq”ə dəyişdi

İspaniyanın “Barselona” klubunun sağ cinah müdafiəçisi Hektor Belyerin Kataloniya təmsilçisi ilə yolları ayırıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu La Liqa təmsilçisini Portuqaliyanın “Sportinq” klubuna dəyişib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Futbolçu “Barselona”dan azad agent kimi ayrıldığı üçün, Lissabon təmsilçisi əlavə xərcə düşməyib. İspan müdafiəçi yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

Xatırladaq ki, Hektor Belyerin 2022-ci ilin sentyabr ayında İngiltərənin “Arsenal” klubundan azad kimi ayrılaraq “Barselona” ilə 1 illik müqavilə imzalamışdı. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində cəmi 7 matç keçirib.

Xatırladaq ki, ispaniyalı sağ cinah müdafiəçisi məhz “Barselona”nın yetirməsidir. O, 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin “Arsenal” klubuna satılmışdı. 27 yaşlı futbolçu 11 il sonra doğma kluba azad agent kimi qayıtmışdı. Amma futbolçunun doğma klubundakı karyerası yenə uğurlu alınmayıb.

Belyerin 10 ildən çox formasını geyindiyi “Arsenal”da bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi 2021/22 mövsümünü də “Betis”də icarədə keçirib. Belyerin İspaniya yığmasında 4 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: