Türkiyə çempionu “Qalatasaray”ın sabiq hücumçusu Henri Onyekuru bundan sonra yenidən Super Liqada çıxış edəcək.
Arena.az xəbər verir ki, Super Liqaya yüksəlmiş “Gənclərbirliyi” klubu nigeriyalı vingeri heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, Henri Onyekuru 2023-cü ildən bəri Səudiyyə Ərəbistanında “Əl-Fəyha” klubunun uğurları üçün çalışırdı. Nigeriyalı vinger bu komandanın heyətində bütövlükdə 38 oyun keçirib, 11 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində “Qalatasaray”da oynayıb. Onyekuru Türkiyədə “Adana Dəmirspor”un da formasını geyinib. Onun oynadığı klublar arasında “Eupen”, “Anderlext”, “Olimpiakos” və “Monako” da var.
Onyekuru 2017-ci ildə debüt etdiyi Nigeriya milli komandasının heyətində 15 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


