Höccət Haqverdi yenidən “Sumqayıt”da!

Futbol üzrə Azərbaycan millisinin üzvü, bu yay “Neftçi”dən azad agent kimi ayrılmış Höccət Haqverdi yenidən “Sumqayıt”a qayıdıb.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2025/2026-cı illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Klub ötən mövsümü “Neftçi”də keçirmiş Höccət Haqverdi ilə 2 illik müqavilə bağlayıb. Təcrübəli müdafiəçi köhnə-yeni komandasında 3 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Höccət 2023-cü ilin yanvarında məhz “Sumqayıt”dan ayrılaraq “Neftçi”yə keçmişdi. O, paytaxt klubunun heyətində 77 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Onun “Sumqayıt” karyerası isə 49 oyun, 1 qol və 1 assistdən ibarətdir. 2020/2021-ci illər mövsümündə “Sumqayıt”la bürünc medal qazanmış Haqverdi, 1,5 mövsüm bu komandanın şərəfini qoruyub.

Höccət daha öncə “Paykan”, “Zobahan”, “Traktor” və “Abumoslem” kimi klubların da formasını geyinib.

Haqverdi 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 23 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: