Honkonqda “Honkonq XI” klubu ilə “İnter Mayami” arasında yoldaşlıq oyunu (1:4) MLS təmsilçisi üçün xoşagəlməz məqamla yadda qalıb.
Arena.az “France Press” nəşrinə istinadən məlumat verir ki, sözügedən oyunda yerli azarlşelər “İnter Mayami”nin ulduzları, hücumçular – argentinalı Lionel Messini və uruqvaylı Luis Suaresi meydana çıxmadıqları üçün fitə basıblar.
Mənbənin məlumatına görə, tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 tamaşaçı olub. Bununla belə, Messi bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib, çünki argentinalı ulduzun bud nahiyəsində gərginlik yaranıb. Suares isə heç bir səbəb olmadan ehtiyat oyunçular skamyasında oturub. Maraqlıdır ki, bu oyuna ən ucuz biletin qiyməti 115 avro idi.
İkinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndiriblər. Oyundan sonra isə tribunalar, azarkeşlərə hər şeyə rəğmən, dəstəkləri müqabilində təşəkkür edən klubun sahibi Devid Bekhemi fitə basıblar. Üstəlik pərəstişkarlar Bekhemə orta barmağını göstərərək, xərclədikləri pulların geri qaytarılmasını tələb ediblər.
Qarşılaşmadan sonra “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Lionel Messinin meydana çıxmamasının səbəbini açıqlayıb. Argentinalı mütəxəssis bu qərarı həkimlərin verdiyini bildirib:
“Bu gün stadionda əyləndik. Luis Suares və Lionel Messinin olmaması səbəbindən azarkeşlər arasında böyük məyusluğu anlayırıq. Bu, həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq. Oyunçuları meydana buraxsaydıq, fiziki sağlamlıqlarını riskə atmış olardıq. Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan üzr istəyirik. Biz istərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”.


