“Milan” rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviç etirafı ilə diqqət çəkib ki, rəsmi geyim üslundan zəndeyi-zəhələsi gedir.
Arena.az “Football Italia” nəşrinə istinadən, isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Lap əvvəlcədən mən komandaya söz vermişdim: siz məni heç vaxt kostyum və qalstukda görməyəcəksiniz. Amma hər şey tez bir surətdə dəyişdi. Kostyum geyinmək mənə xoşdurmu? Xeyr. Mən bunu etiraf edirəm. Mən özümü rahat hiss etmirəm. Mən idmançıyam, atletəm. Amma hər dəfə mən istədiyim kimi geyinmək istəyəndə, Helena (Zlatanın həyat yoldaşı – redaktorun qeydi) mənə baxır və deyir: “Bu gün sən kostyum geyinməlisən”. Mən cavablayıram ki: “Nə üçün?”. O isə deyir: “Çünki sənin mətbuat toplantın var. Odur ki, qalstukunu tax və mumla. Gedək”. Amma mən başa düşürəm ki, bu gün kim olduğumu göstərmək üçün geyinmirəm. Mən öz roluma hazırlaşıram. Bu gün isə mən “Milan”ı təmsil edirəm”, deyə “İbra” rəsmi geyimi ilə bağlı incə məqamı əsaslandırıb.
Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.
İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.
Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.


