Bu yay “Səbail”dən ayrılan hücumameyilli yarımmüdafiəçi İlkin Muradov bundan sonra karyerasını Qırğızıstanda davam etdirəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu ölkənin “Abdış-Ata” komandasında forma geyinəcək.
Tərəflər 1 illik müqaviləyə imza atıblar. İlkin yeni klubuna azad agent kimi qoşulub.
Xatırladaq ki, “Abdış-Ata” daha əvvəl Mirabdulla Abbasovu da transfer etmişdi.
İlkin Muradov bu ilin yanvarında “Şamaxı”dan azad agent kimi ayrılaraq “Səbail”ə keçmişdi. Paytaxt klubunun Premyer Liqanı tərk etməsi ilə yarımmüdafiəçi də bu komandadan ayrılıb. İlkin “Şamaxı” və “Səbail”lə yanaşı, yetirməsi olduğu “Zirə”nin də formasını geyinib. Azərbaycanın U-21 yığmasında oynamış futbolçuya sonralar əsas millimizdə ehtiyac duyulmayıb.


