İngiltərə çempionatında çıxış edən bir neçə klub maliyyə qaydalarını pozduğu iddia edilən “Mançester Siti”yə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.
Arena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, artıq bir neçə klub mümkün təzminat tələblərini müəyyənləşdirmək üçün hüquqşünaslar cəlb edib.
Qeyd edək ki, daha əvvəl jurnalist Devid Ornşteyn sosial şəbəkə hesabında “Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilindiyini açıqlayıb. Klubun bu qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Ornşteyn sanksiyaların hələ müəyyənləşdirilmədiyini bildirib.
“Mançester Siti” 2009/10-2017/18 mövsümləri arasında yol verdiyi iddia olunan 100-dən çox maliyyə pozuntusuna görə 2024-cü ilin fevralında ittiham olunub.
Klubun üzləşə biləcəyi mümkün sanksiyalar arasında xal silinməsi, Premyer Liqadan xaric edilmə və qazanılmış titulların ləğvi kimi cəzalar da göstərilir. Bununla belə, konkret sanksiyalar hələ təsdiqlənməyib.


