İslaniya millisində yeni baş məşqçi – Oqe Hareyde

Son olaraq “Malmö”nü çalışdırmış norveçli mütəxəssis Oqe Hareyde futbol üzrə İslandiya milli komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

69 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb. İslandların bu mütəxəssisin rəhbərliyi altında ilk sınağı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Slovakiya və Portuqaliya ilə oyunlar olacaq. Slovakiya ilə görüş 17 iyun, Portuqaliya ilə matç isə 20 iyunda baş tutacaq.

Xatırladaq ki, İslandiya millisi AÇ-2024-ün seçmə mərhələsində J qrupunda mübarizə aparır. Bu qrupda Slovakiya və Portuqaliyadan başqa, Bosniya və Herseqovina, Lüksemburq və Lixtenşteyn yığmaları da yer alıb.

Oqe Hareyde vaxtilə Norveç (2003-2008) və Danimarka (2016-2020) yığmalarını da çalışdırıb. O, “Molde”, “Helsinqborq”, “Bröndbü”, “Rusenborq”, “Erqryute”, “Vikinq” kimi klublarda da baş məşqçilik edib.

Hareyde İslandiya yığmasının baş məşqçi postunda Arnar Tor Vidarssonu əvəz edib. Hansı ki, o, mart ayının sonunda istefaya göndərilib. 45 yaşlı mütəxəssis 2020-ci ilin dekabr ayından İslandiya millisinin baş məşqçisi idi. O, bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. İslandlar bu görüşlərdə 8 qələbə qazanıblar, 11 heç-heçə ediblər və 12 oyunda da məğlubiyyətlə üzləşiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: