İspaniya Futbol Federasiyası ölkə rəhbərliyini UEFA-ya şikayət etdi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş katibi Andreu Kamps Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) şikayət ünvanlayıb.

Arena.az bu barədə “Onda Cero” dərgisinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, RFEF fəaliyyəti müvəqqəti dayandırılmış təşkilat rəhbəri Luis Rubialeslə qalmaqaldan sonra, İspaniya hökumətinin assosiasiyanın işlərinə qarışmasından şikayətlə UEFA-ya müraciət edib.

Kamps İspaniya hökumətinin üzvlərini açıq şəkildə Rubialesi istefaya çağırmaqda ittiham edib. O, UEFA-dan müvafiq tədbir görməsini tələb edib.

Bundan əvvəl vitse-prezident İolanda Dias, mədəniyyət və idman naziri Mikel İseta və Ali İdman Şurasının prezidenti Viktor Frankos Rubialesin vəzifədən uzaqlaşdırılması tələbləri ilə çıxış ediblər.

UEFA-nın nizamnaməsinə görə, assosiasiyalar üçüncü tərəfin və ya konkret şəxslərin təsiri olmadan öz işlərini idarə etməlidir. Əks halda, UEFA-nın nizamnaməni pozmuş konkret assosiasiyanın quruma üzvlüyünü dayandırmaq, həmçinin klublarını avrokuboklardan, milli komandasını isə Avropa çempionatından kənarlaşdırmaq hüququ var.

Xatırladaq ki, Avstraliya və Yeni Zelandiyada qadınlar arasında keçirilən dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimində Rubiales İspaniya yığmasının futbolçusu Cennifer Ermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bu məqam ictimaiyyətdə böyük tənqidi əks-səda və müzakirələr doğurub. Buna bənzər digər əməllərinin də üstü açılan Rubialeslə bağlı qalmaqal hazırda İspaniyanın əsas gündəm mövzusudur.

FIFA artıq Rubialesə qarşı intizam işi açıb. Dünyanın ali futbol qurumu onu 90 gün müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən müvəqqəti olaraq kənarlaşdırmağa da qərar verib. Qərar həm beynəlxalq, həm də milli səviyyədə etibarlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: