Futbol üzrə Fil Dişi Sahili milli komandasının hücumçusu Jan Evrar Kuassi Türkiyənin “Trabzonspor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırlıb. Onunla sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədər idi.
Xatırladaq ki, Jan Evrar Kuassi 2021-ci ilin yanvar ayında “Trabzonspor”a transfer olunmuşdu. Super Liqa təmsilçisində 22 oyuna cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə kifayətlənmiş futbolçu, bu mövsümün əvvəlində də “Fatih Karagümrük”ə icarəyə verilmişdi. O, bu komandanın da heyətində 13 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kuassi daha öncə “Hayduk” (Split), “Şanxay SİPG”, “Vuhan Zall” kimi klublarda da forma geyinib. Onun yeni iş yeri də məlumdur. Təcrübəli forvard yenidən Çinə qayıdaraq bu “Zheijang” klubu ilə müqavilə bağlayıb.
Kuassi ölkəsinin milli komandasında 9 oyuna çıxıb və 1 qola imza atıb.


