“Əl-Hilal”ın portuqal çalışdırıcısı Jorje Jezuş dünya futbolunun gələcəyinin Səudiyyə Ərəbistanından niyə asılı olduğunu açıqlayıb.
Arena.az “Record” nəşrinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Dünyanın gələcəyi Avropada deyil, bu diyarlardadır. Orada qarışıqlıq hökm sürür, heç kim heç kimə cavabdeh deyil. Amma bu, idmani deyil, siyasi amildir.
Quruluşda böyük fərq tapdım. Biz 50 dərəcədən yuxarı hərarət və həddindən artıq isti olan bir ölkədəyik. Stadionlara gedin və meydanların keyfiyyətinə baxın. Sahələr qolf meydançalarına bənzəyirlər. Tamaşaçılar üçün hər cür şərait yaradılıb. Ər-Riyad hər gün böyüyən fantastik bir şəhərdir”, deyə Jorje Jezuş fərəhlə bildirib.
69 yaşlı mütəxəssis “Əl-Hilal”ı ötən ilin iyulundan çalışdırır. Jezuşun Səudiyyə Ərəbistanı nəhəngi ilə müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.
Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa”, “Flamenqo” komandalarını çalışdırıb.
Hazırda Jezuşun “Əl-Hilal”ı 21 oyundan 59 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinə başçılıq edir.


