Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Ukrayna yığmasına qarşı keçirilmiş ikinci yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, braziliyalı mütəxəssis 1:5 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, bu dəfə həmin səhvləri etməməyə çalışdıq. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq. İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.
Joze Alesio Da Silvanın həmkarı, Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko isə matçı belə şərh edib:
“Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq. Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi. Əlbəttə, bu, bir yoxlama oyunu idi. Bu matça görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz. Hər iki tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var. Ora üçün tapşırıqlar fərqli olacaq. Hər iki oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoxlama oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.
Xatırladaq ki, bu komandalar arasında ötən gün baş tutan ilk oyunda millimiz 0:4 hesabıyla məğlub olmuşdu.


