Joze Alesio: “Bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio DÇ-2024-ün seçmə mərhələsində Yunanıstana qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, braziliyalı mütəxəssislə yanaşı, yunan həmkarı İoannis Ziavas da matçla bağlı fikirlərini bölüşüb.

Onların Azərbaycan milli komandasının 5:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonrakı mətbuat konfransında dilə gətirdiyi fikirlərlə sizi də tanış edirik:

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi):

“Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FİFA-nın təyin etdiyi vaxtla əlaqədardır. Bugünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı. Afinadakı oyunla müqayisədə Bakıda qapımızdan 2 qol buraxdıq. Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı. Elit-raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq”.

Millimizin baş məşqçisi komandanın aparıcı üzvlərindən olan Xətai Bağırovun bu matçda aldığı zədədən də danışıb:

“Onun zədələndiyi epizodu görmədim. Durumu haqda da indi bir söz deyə bilmərəm. Həkim müayinə edəcək, ondan sonra bizə məlumat verəcək. Ümid edirik ki, ciddi olmayacaq və səfərə tam heyətlə yollanacağıq”.

İoannis Ziavas (Yunanıstan millisinin baş məşqçisi):

“Azərbaycan millisinin təbrik edirəm. Qrupun son oyununda onlara uğurlar arzulayıram. Azərbaycan yığması bizdən daha güclü komandadır. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da rəqibin səviyyəsindən irəli gəlirdi. Çünki onlar bizə bu imkanı vermədilər. Çətin olacağını əvvəlcədən bilirdik. Nəticəni unutmalı, irəli baxmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: