Joze Mourinyo 6-cı finalında da uduzmayacaq?

İtaliyanın “Roma” komandasının Portuqaliyadan olan baş məşqçisi Joze Mourinyo avrokuboklarda yeni tarix yazmağa davam edir. Arena.az xəbər verir ki, onun rəhbərlik etdiyi paytaxt klubu ötən gecə Almaniyanın “Bayer” klubu ilə yarımfinal duelindən qalib ayrılaraq Avropa Liqasının finalına yüksəldi.

İlk oyunda 1:0 hesabıyla qalib gəlmiş “canavarlar” səfər matçındakı qolsuz heç-heçənin ardından həlledici oyunda iştirak hüququ qazandılar. “Roma” Avropa Liqasının finalında İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı həlledici qarşılaşma mayın 31-də keçiriləcək. Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Roma”ya qazandırdığı bu uğur sayəsində Mourinyo baş məşqçi kimi altıncı dəfə avrokubokların finalında iştirak hüququ əldə etdi. Maraqlıdır ki, portuqaliyalı mütəxəssis bundan öncə keçirdiyi beş final matçının hamısında qələbə qazanıb. “Portu”ya 2002/2003 mövsümündə UEFA Kubokunu qazandıran Mour, bir il sonra da bu komanda ilə Çempionlar Liqasının qalibi olub. O, 2010-cu ildə İtaliyanın “İnter” komandasını da Çempionlar Liqasının qalibi edib. Mourinyo 2016/17 mövsümündə “Mançester Yunayted”lə Avropa Liqasının finalına yüksəlib və yekunda sevinən tərəf olub. İndi o, Avroliqada da ikiqat qalib olmaq şansına malikdir. Ötən mövsüm isə Joze “Roma”nı Avropa Konfrans Liqasının qalibi etmişdi.

Mourinyonun əvvəlki final matçlarının siyahısı belədir:

UEFA Kuboku, 2002/2003: “Portu” – “Seltik” 3:2
Çempionlar Liqası, 2003/2004: “Portu” – “Monako” (3:0)
Çempionlar Liqası, 2009/2010: “İnter” – “Bayern” 2:0
Avropa Liqası, 2016/2017: “Mançester Yunayted” – “Ayaks” 2:0
Avropa Konfrans Liqası, 2021/2022: “Roma” – “Feyenoord” 1:0

Rekordçular üz-üzə

Mourinyonun kolleksiyasında yalnız UEFA Super Kuboku çatışmır. O, 3 dəfə bu oyunlarda məğlub olub. 2008-ci ildən bəri heç bir titul qazana bilməyən “Roma”nı ötən mövsüm Konfrans Liqasının qalibi etmiş Joze, bu il Avroliqada da eyni uğuru qazansa, yenidən UEFA Super Kubokunda iştirak hüququ əldə edəcək. Baxmayaraq ki, Mourinyolu “Roma”nı finalda Avroliqada ənənəsi olan bir komanda ilə duel gözləyir. Məsələ burasındadır ki, “Sevilya” son illərdə Avroliqanı şəxsi turnirinə çevirməyi bacarıb. Bu turnirdəki qələbə sayında rekordçu olan komanda oynadığı 7 finaldan 6-da mükafata sahib çıxıb.

Avropada keçirilən bütün klub turnirlərinin – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi kimi tarixə düşmüş Mourinyonun kubok kolleksiyası:

UEFA Çempionlar Liqası (2)
Avropa Liqası (2)
Avropa Konfrans Liqası (1)
İngiltərə Premyer Liqası (3)
İspaniya La Liqası (1)
İngiltərə Federasiya Kuboku (4)
İngiltərə Liqa Kuboku (2)
İspaniya Kuboku (1)
İngiltərə Kuboku (1)
İspaniya Super Kuboku (1)
İtaliya A Seriyası (2)
İtaliya Kuboku (1)
İtaliya Super Kuboku (1)
Portuqaliya Premyer Liqası (2)
Portuqaliya Kuboku (2)
Portuqaliya Super Kuboku (2)

Xatırladaq ki, Mourinyo “Roma”ya 2021-ci ilin iyul ayından rəhbərlik edir. O, bu komandanı indiyə qədər 106 oyuna çıxarıb. “Sarı-qırmızılar” bu görüşlərdə 54 qələbə qazanıb, 23 heç-heçə edib, 29 məğlubiyyətə üzülüblər. 60 yaşlı mütəxəssis daha öncə “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Unian de Leyriya” və “Benfika”ya da rəhbərlik edib.