Jül Kunde bir il ərzində ikinci dəfə bu aqibətlə üzləşdi

“Barselona”nın fransalı mərkəz müdafiəçisi Jül Kunde evinin yenə qarət edilməsi haqda xoşagəlməz məlumat alıb.

Arena.az bu barədə RAC1 dərgisinə istinadən məlumat verir.

Hadisə Kundenin İspaniya La Liqasının 22-ci turu çərçivəsində “Vilyarreal”la oyunda (3:5) iştirakı zamanı baş verib. Soyğunçular Kundenin Sidjes (İspaniya) şəhərindəki evinə soxularaq, evi çapıb-talayıb aradan çıxıblar. Qarətin baş verdiyi aşkar olsa da, məhz nələrin oğurlandığı, həmçinin futbolçuya dəymiş ziyanın məbləği haqda məlumat ictimaiyyətə açıqlanmayıb.

Vurğulayaq ki, bu oğurluq son bir il ərzində Kundenin başına gəlmiş ikinci eyni xoşagəlməz hadisədir. Xatırladaq ki, 2023-cü ilin aprelində soyğunçular Kundenin evinə soxularaq evi “silib-süpürüb” əkilmişdilər. O vaxt oğurluq hadisəsi Kunde 2022/2023 mövsümü İspaniya La Liqasının 32-ci turu çərçivəsində “Betis”lə oyunda (4:0) iştirak edərkən baş vermişdi.

Hazırda polis hadisəni araşdırır.

Jul Kunde 2022-ci ilin iyul ayından “Barselona”nın uğurları üçün çalışır. 25 yaşlı futbolçu Kataloniya təmsilçisində 67 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Kunde daha öncə “Bordo” və “Sevilya”da da oynayıb. O, Fransa milli komandasında da 24 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: