Julio Romao: “Portuqaliya klubu ilə düşməyimiz əla olardı”

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao komandasının Avropa Liqasında qazandığı tarixi uğurdan söhbət açıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “TNTSports” nəşrinə açıqlamasında bunları söyləyib:

“Avroliqadakı çıxışımızdan məmnun qaldım. Biz çox güclü qrupda yer almışdıq və bunun asan olmayacağını da bilirdik. Almaniyanın məşhur “Bayer” komandası rəqiblərimizdən biri idi. İstəyimizə nail olmaq üçün çox iş görməliydik. Bunu bacardığımız üçün xoşbəxtik. Növbəti raunda yaxşı şəkildə hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət yetirməliyik. Pley-off mərhələsində yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?”

Romao pley-offda Portuqaliya təmsilçilərindən biri ilə üz-üzə gəlmək istədiyini söyləyib: “Çünki “Qarabağ”a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm “Santa Klara”da oynadım. Amma hansı komanda düşsə, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik”.

Xatırladaq ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Püşkatma mərasimi sabah – dekabrın 18-də baş tutacaq. Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Julio Romao 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Braziliyalı dayaq yarımmüdafiəçisi Ağdam klubunun heyətində 68 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Portuqaliyada “Santa Klara”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: