Etopaz-ın baş sponsorluğu, Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileylərinə həsr olunmuş yubiley matçı keçirilib.
Arena.az xəbər verir ki, görüşdə idman jurnalistlərindən ibarət komanda tanınmış futbol veteranlarından qurulmuş yığma ilə üz-üzə gəlib.
Komandalar şərti olaraq “Əkinçi” və “Futbol+” adlanıb.
Jurnalistlərdən ibarət yığma “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin baş məşqçiliyi ilə meydana çıxıb.
Sabir Hacıyevin baş hakimi olduğu oyun 7:7 hesabı ilə başa çatıb.
Jurnalistlərdən Emin Abbasov, Mirbağırağa Cəfərli, Xanoğlan İmanov fərqləniblər, Nurani İsgəndərov pokerə imza atıb. Veteranlardan isə Samir Ələkbərov, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov (2), Vaqif Cavadov (2) fərqləniblər.
Dostluq şəraitində keçmiş yubiley matçının sonunda AİJA prezidenti Eldar İsmayılov, “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyləri münasibətilə hazırlanmış xatirə medalları və digər hədiyyələri təqdim ediblər.



