Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə Bakıda hazırlaşan “Kəpəz” daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi bu gün “Səbail”in əvəzedicilərindən ibarət komandası ilə üz-üzə gəlib.
“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutan görüş məhsuldar alınıb. Gəncəlilər meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər. Azər Məmmədovun çalışdırdığı komandanın heyətində Junior Martins dubla imza atıb. Digər qolları isə Abdulayi Şuaybu ilə penaltini dəqiq yerinə yetirmiş Ehtiram Şahverdiyev vurub.
Xatırladaq ki, “Kəpəz” buna qədər daha üç yoxlama oyunu keçirmişdi. Gəncə təmsilçisi “Səbail” ilə “Zirə”yə eyni hesabla (1:2) məğlub olmuş, “Araz-Naxçıvan”la da heç-heçəyə razılaşmışdı – 1:1.


