Kərimov: “Braqa”nın hücum futbolu “Qarabağ”ın xeyrinə ola bilər”

“Qarabağ”ın sabiq kapitanı Aslan Kərimov Ağdam klubunun Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirəcəyi ilk oyundan danışıb.

Arena.az-a açıqlama verən futbol mütəxəssisi Azərbaycan çempionunun Portuqaliyadakı oyunda şanslarını belə dəyərləndirib:

“Hər kəs matçın gərgin keçəcəyini bilir. Çünki rəqib Portuqaliya təmsilçisidir. Bu artıq sıravi çempionat oyununa bənzəməyəcək. Püşkatmadan sonra ehtiyat edirdimsə, artıq hər iki komandanın son oyunlarına baxdığım üçün şansları 50 faiz olaraq düşünürəm. Hər iki komanda müdafiə xəttində ehtiyatlı olacaqlar. “Braqa” hətta 0:5 hesabıyla uduzduğu “Sportinq”ə qarşı belə açıq hücum futbolu nümayiş etdirirdi. Yəqin ki, “Qarabağ”a qarşı da belə oyun göstərəcəklər. Bu, bizim xeyirimizə də ola bilər. “Braqa” müdafiədən oynayarkən bəzi səhvlərə yol verir. Bu səhvlərdən “Qarabağ” məharətlə istifadə edə bilər. “Braqa”nın hücum xətti də pis deyil. Əgər rəqibin hücumlarının qarşısını ala bilsək, istədiyimiz nəticəni əldə edə bilərik”.

Xatırladaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Bu komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Nahid Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaş: