Kadi Borges Konfrans Liqasında rekordçu oldu

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges Azərbaycan klublarının Avropa Konfrans Liqasındakı ən yaxşı bombardiri olub.

Arena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.

O, turnirin pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.

Bununla da Kado Borges Konfrans Liqasında “Qarabağ”ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022-ci illər mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt 3-cü təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın “Aberdin” (3:1) komandalarına 1, qrup mərhələsində Kipr “Omoniya”sına (4:1) 2, pley-offda isə Fransanın “Olimpik” (Marsel) (1:3) komandasına 1 qol vurub.

Buna qədər Azərbaycan klublarının Avropa Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels “Sabah”ın, Rafael Utziq isə “Qəbələ” və “Zirə”nin heyətində 5 qol vurublar.

Qeyd edək ki, Kadi Borges “Qarabağ”ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: