Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yarımmüdafiəçisi Kadi Borges Malinovski ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı futbolçusunu Rusiyanın “Krasnodar” klubuna satıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq. Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Kadi Borges Malinovski 2021-ci ilin iyun ayından “Qarabağ”da çıxış edirdi. 26 yaşlı futbolçu həmin vaxt Ağdam klubu ilə 2+1 illik müqaviləyə imza atmışdı. Onun geridə qalan bir il ərzində göstərdiyi uğurlu performans xarici klubların diqqətini çəkməyə başladığından “Qarabağ” aparıcı futbolçusunu itirməmək üçün onunla yeni və uzunmüddətli müqavilə bağlamağa ehtiyac duymuşdu. Bu üzdən də tərəflər avqust ayında 5 illik yeni sözləşməyə imza atmışdılar. Müqavilədə Kadinin sərbəstqalma məbləği də yenilənmişdi. Belə ki, onu heyətinə qatmaq istəyən klub bunun üçün “Qarabağ”a 5 milyon avro təzminat ödəməli idi. İndi “Krasnodar”ın da Azərbaycan çempionuna məhz 5 milyon ödədiyi ehtimal olunur. Rusiya klubu bunu 2 dəfəyə ödəmək şərti ilə müqavilə bağlayıb. Yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Kadi “Qarabağ”da bütövlükdə 74 oyuna çıxıb. O, bu oyunlarda 28 qol və 28 məhsuldar ötürmə müəllifi olub.
“Koritiba”nın yetirməsi olan Malinovskinin “Qarabağ”dan öncəki son klubu Portuqaliya 2-ci Liqasında mübarizə aparan “Vilafrankense” olub. O, Portuqaliyada “Eştoril”in də uğurları üçün çalışıb.


