Kadi Borgesin bir ayağı “Qarabağ”da

Azərbaycan çempionu “Qarabağ” sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın “Krasnodar” klubuna təklif göndərib.

Arena.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk “RB Sport”a açıqlama verib.

O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib: “Qarabağ” həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz “Krasnodar”ın qərarını gözləyirik”.

Əldə etdiyimiz digər məlumata görə, “Qarabağ” həqiqətən də Kadini geri qaytarmaq üçün çalışır. Futbolçu özü də Azərbaycana qayıtmağı çox istəyir. O, hətta “Krasnodar”ın vaxtilə Azərbaycanda da çalışmış baş məşqçisi Murad Musayevə də müraciət edərək, “Qarabağ”a keçidinə razılıq istəyib. Kadi rusiyalı mütəxəssisə məhz Ağdam klubunun oyun tərzinin onun üslubuna daha yaxın olduğunu əsas gətirib.

Kadi istər tamhüquqlu, istərsə də icarə əsasında “Qarabağ”a qayıtmağa razıdır. Braziliyalı futbolçu Ağdam klubunda “Krasnodar”dakından 2 dəfə az maaşa oynamağa da hazırdır.

Hazırda klublar arasında danışıqlar davam edir. Rusiya və Azərbaycan təmsilçiləri sırf maliyyə məsələsində razılığa gəlsələr, Kadi elə bu yay “Qarabağ”a qayıdacaq.

Xatırladaq ki, Kadi Borges “Krasnodar”a 2023-cü ilin yanvarında məhz “Qarabağ”dan keçib. 28 yaşlı hücumameyilli futbolçu Rusiya klubunun heyətində 44 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Tam adı Kadi Borges Malinovski olan futbolçu 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunun heyətində bütövlükdə 74 oyuna çıxıb. Yarımmüdafiəçi bu oyunlarda 28 qol və 28 məhsuldar ötürmə müəllifi olub.

“Koritiba”nın yetirməsi olan Kadi Borgesin “Qarabağ”dan öncəki son klubu Portuqaliya 2-ci Liqasında mübarizə aparan “Vilafrankense” olub. O, Portuqaliyada “Eştoril”in də uğurları üçün çalışıb.