“Real”ın baş məşqçisi Karlo Ançelotti türk hücumameylli yarımmüdafiəçi Arda Gülərin “Real”ın heyətində debütdən danışıb.
Arena.az xatırladır ki, Gülər “Real”ın İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Arandina”ya qarşı səfərdə 3:1 qalib gəldiyi oyunda əsas heyətdə meydana çıxıb və 59-cu dəqiqədə uruqvaylı mərkəz müdafiəçisi Federiko Valverde ilə əvəzlənib.
“Gülərin fərdiliyi var, xasiyyəti var. Bu, yaxşıdır. O, ayaqları ilə oyunun keyfiyyətinə görə seçilir, amma “Real”da uğur qazanmaq üçün xasiyyət də həmçinin vacibdir. O, yaxşı səviyyədə bir saat işlədi. Aydındır ki, fiziki hazırlıqla bağlı fəsadlar hələ də var, ona görə də səbrli olmaq lazımdır”, – Karlo Ançelotti matçdan sonra bildirib
Xatırladaq ki, Arda Gülər 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro müqabilində “Real”a keçib. Arda “kral klubu”nun yay təlim-məşq toplanışında ağır zədə almışdı. Ardınca sol bud əzələsini zədələmiş türk yarımmüdafiəçi bu səbəbdən xeyli müddət “Real”ın heyətində debüt edə bilməyib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.
Vurğulayaq ki, “Barselona”nın hədəfində olan Gülər, son anda “kral klubu”nun leyinə seçim edərək, madridlilərlə müqavilə bağlayıb.
Arda Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. Gülər 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gülər “Fənərbaxça”nın əsas komandasının heyətində 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Arda “Fənərbaxça” ilə 2022/2023 mövsümü Türkiyə Kubokunun qalibi olub.
Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


