Braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba bundan sonra Azərbaycanın “Araz-Naxçıvan” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini də komplektləşdirməyə çalışır. Klub bu dəfə braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb. 29 yaşı sentyabrda tamam olacaq futbolçu tibbi müayinədən uğurla keçib. O, mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün tər tökəcək.
Jatobanın sonuncu klubu Rumıniya “Politexnika”sı olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Fiqeyrense”, “Maluselli”, “Londrina”, “Atletiko Qonaiense”, “Brazil Pelotas”, “Santo Andre”, “San Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.
“Araz-Naxçıvan” daha öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”) və Turan Vəlizadəni (“Neftçi”) də transfer etmişdi. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə də yeni müqavilə imzalanıb.
Əvəzində Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev bu komandadan ayrılıblar.


