Karlos Jatoba sıraya döndü

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”da daha bir zədəli futbolçu – Karlos Jatoba da məşqlərə başlayıb.

Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları – Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında məşq edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. Sözügedən komanda 14 oyuna topladığı 33 xalla hazırda Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb və lider “Qarabağ”dan cəmi 1 xal geri qalır.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın bu ilin yayında transfer etdiyi Karlos Jatoba avqust ayında əməliyyat olunmuşdu. Braziliyadan olan mərkəz yarımmüdafiəçisi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duymuşdu.

Jatoba “Araz-Naxçıvan”da cəmi 1 oyun keçirib. Yarımmüdafiəçi mövsümün ilk turunda “Qarabağ”la matçda forma geyinib. 28 yaşlı futbolçu 1:4 hesabıyla uduzduqları oyunda 90 dəqiqə meydanda olub.