Karlos Karvalhal La Liqa klubundan istefaya göndərildi

İspaniya La Liqasında mübarizə aparan “Selta” komandasının baş məşqçisi Karlos Karvalhal istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 57 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub portuqaliyalı məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Karlos Karvalhal 2022-ci ilin noyabr ayında “Selta”nın baş məşqçisi təyin olunmuşdu. Onun bu klubla müqaviləsi 2024-cü ilin 30 iyununa kimi idi. Portuqaliyalı mütəxəssis “Selta”nı bütövlükdə 29 oyuna çıxarıb. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 8 heç-heçə edib və 11 məğlubiyyətə üzülüb. “Selta” La Liqada geridə qalan mövsümü 43 xalla 13-cü pillədə başa vurub.

Karvalhal daha öncə “Əl-Vahda”, “Braqa”, “Rio Ave”, “Suonsi Siti”, “Şeffild Uensdey”, “Başakşəhər”, “Beşiktaş”, “Sportinq”, “Maritimo”, “Asteras”, “Vitoriya”, “Beyra-Mar”, “Belenenseş”, “Aves”, “Vizela”, “Espinyo” kimi komandalara da rəhbərlik edib.

“Selta” dörd futbolçudan da imtina etdi

“Selta” dörd futbolçusu ilə də yollarını ayırıb. La Liqa təmsilçisi hücumçuları Haris Seferoviç və Qabriel Fernandes, sağ cinah vingeri Auqusto Solari və sağ cinah müdafiəçisi Huqo Mallo ilə vidalaşıb. Son üç futbolçunun klubla müqaviləsinin müddəti başa çatdığı üçün azad agentə çevriliblər. Portuqaliyanın “Benfika” klubundan icarəyə götürülmüş Seferoviçin isə icarə müddəti bitdiyi üçün geri qaytarılıb.

Xatırladaq ki, Haris Seferoviç bu ilin yanvarında üz tutduğu “Selta”da 18 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Onun 2017-ci ildə müqavilə bağladığı “Benfika” ilə sözləşməsi 2024-cü ilin 30 iyununa qədərdir. İsveçrə yığmasında 92 oyuna 25 qol vurmuş 31 yaşlı hücumçu karyerası ərzində “Qrasshopper”, “Fiorentina”, “Ksamaks”, “Leççe”, “Novara”, “Real Sosyedad”, “Ayntnteaxt” və “Qalatasaray” kimi klubların da formasını geyinib.

Huqo Mallo “Selta”nın öz yetirməsidir və bütün karyerasını məhz bu komandada keçirib. 31 yaşlı müdafiəçi doğma komandasının heyətində 449 oyun keçirib, 12 qol və 28 məhsuldar ötürmə müəllifi olub. O, İspaniyanın U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Auqusto Solari “Selta”ya 2021-ci ilin yanvarında “Rasinq”dən gəlmişdi. Argentinadan olan 31 yaşlı futbolçu La Liqa təmsilçisində 55 oyun keçirib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Rasinq”dən başqa “Estudiantes” və “River Pleytd”də də oynayıb.

Qabriel Fernandes isə “Selta”ya 2019-cu ilin yanvarında “Penyarol”dan 3,5 milyon avro qarşılığında keçmişdi. Uruqvaydan olan 29 yaşlı hücumçu İspaniya klubunda cəmi 22 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. O, bu komandada möhkəmlənə bilmədiyi üçün “Saraqosa” və “Xuares” kimi klublara icarəyə verilib. Hücumçu daha öncə “Penyarol”, “Rasinq”, “Serro Larqo” və “Defensor Sportinq” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: