“Karvan” bəyanat yaydı: “Maliyyə problemimiz yoxdur”

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparan “Karvan” klubunda maliyyə ilə bağlı heç bir problem yoxdur.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Komandanın Azərbaycan Premyer Liqasının 6-cı turunda “Neftçi” ilə baş tutacaq oyuna hazırlığının davam etdiyi vurğulanıb:

“Oyunçular gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Hazırlıq prosesi “Karvan”ın məşq bazasında baş tutur. Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klub üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərlik tərəfindən tam şəkildə ödənilib. Bununla yanaşı, “Qəbələ” ilə heç heçə və “Kəpəz” üzərində qazanılmış qələbəyə görə rəhbərlik tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib. Azarkeşləri və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır”.

Qeyd edək ki, “Karvan” 5 turdan sonra 4 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: