İngiltərə Futbol Assosiasiyası (The FA) “Arsenal” – “Mançeste Siti” oyunundan sonra Kayl Uokerin iştirakı ilə baş vermiş hadisəni araşdırıb.
Arena.az “Daily Mail”ə istinadən məlumat verir ki, İngiltərə Futbol Assosiasiyası “Arsenal”ın minimal hesabla qalib gəldiyi oyundan (1:0) sonra tribunalaraltı məkanda “şəhərlilər”in müdafiəçisi Kayl Uoker və “topçular”ın məşqçilər qərargahının üzvü Nikolas Cover arasında baş vermiş qarşıdurmaya görə Uokeri cəzalandırmayacaq.
Xatırladaq ki, dünən, oktyabrın 8-də tərəflər arasında baş tutmuş oyundan sonra Uokerlə Cover arasında qarşıdurma yaşanmışdı. Məğlubiyyətdən sonra əsəbiləşərək tribunalaraltı məkana daxil olmuş Uoker Artetanın məşqçilər qərargahının nümayəndəsi Coverin əlini sıxmaqdan imtina edib. Buna cavab olaraq Cover “şəhərlilər”in müdafiəçisinin ünvanına kəskin danışıb. Uoker isə öz növbəsində “işə əncam çəkmək üçün” fransız mütəxəssisə tərəf yönəlib. Qarşıdurmanın qarşısını qalan oyunçuların vaxtında müdaxilə etməsi ilə önləmək mümkün olub.


