İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Kiran Tirni İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad”a keçib.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniya klubu 26 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. “Real Sosyedad” bir mövsümlük icarə üçün “Arsenal”a 1,4 milyon avro ödəyəcək.
Xatırladaq ki, Kiran Tirni “Arsenal”a 2019-cu ildə Şotlandiyanın “Seltik” klubundan transfer olunub. Şotlandiya yığmasının da üzvü olan futbolçu “topçular”ın heyətində 124 matça çıxıb, 5 qola imza atıb, 14 məhsuldar ötürmə müəllifi olub.
Sol cinah müdafiəçisi Şotlandiya yığmasında 38 oyun keçirib, 1 qol vurub.
“Arsenal” daha üç futbolçusunu icarəyə verib. İslandiyadan olan qapıçı Runar Aleks Runarsson (28 yaş) “Kardiff Siti”yə keçib. Sağ cinah müdafiəçisi Bruk Norton-Kaffi (19 yaş) “Milluol”un uğurları üçün çalışacaq. Tayris Con-Culs isə (22 yaş) “Derbi Kaunti”nin formasını geyinəcək. Onların hamısı qarşıdakı mövsümün sonuna kimi icarəyə veriliblər.
Yeri gəlmişkən, “Real Sosyedad” Kiran Tirnidən başqa daha bir futbolçunu heyətinə qatıb. İspaniya klubu Moskva “Dinamo”sundan Arsen Zaxaryanı transfer edib. La Liqa təmsilçisi bu transferə görə Rusiya klubuna 13 milyon avro ödəyib. Əslən erməni olan rusiyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Zaxaryan peşəkar karyerasına məhz “Dinamo”da başlayıb. 20 yaşlı futbolçu Moskva təmsilçisinin əsas komandasında 89 oyuna çıxıb, 19 qol və 25 assistlə yadda qalıb. Hücumameyilli yarımmüdafiəçi Rusiya milli komandasında da 7 oyun keçirib.


