AFFA-nın vitse-prezidenti və bu qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, Mehdiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarında iş başında olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehdiyeva 17 iyun – 1 iyul aralığında AÇ-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.
O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə – Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.
Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir. O, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.
Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarışın oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.
Sonda AÇ-2024-ün final mərhələsində qrupların tərkibini bir daha xatırladırıq:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Polşa, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya



